Xaricdən idxal olunan hot-doq çörəyinin ƏDV-dən azad olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bu barədə “Yeni Sabah”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.
Qeyd olunub ki, ƏDV-dən azadolma çörəyin idxalına deyil, istehsalı və satışına tətbiq olunur. Eyni zamanda, sözügedən maddədə nəzərdə tutulan azadolma çörəyin bütün növlərinə şamil edilir.
Dövlət Vergi Xidmətindən həmçinin bildirilib ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir.
Bu səbəbdən idxal zamanı vergitutma prosedurları və gömrük rüsumları ilə bağlı daha ətraflı məlumat üçün Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etmək tövsiyə olunur.