Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Qüdrət Həsənquliyev texniki və riyazi elmləri yaxşı bilən istedadlı gənclərin hərbi sahəyə cəlb olunması üçün onlara ciddi imtiyazların müəyyənləşdirilməsini təklif edib.
Minval.info xəbər verir ki, hərbi ekspert Emin Həsənli müasir dövrdə Silahlı Qüvvələrdə texnologiyaların sürətli inkişafının mühəndis və elm adamlarına olan ehtiyacı artırdığını bildirib. Onun sözlərinə görə, silah və hərbi texnologiyaların inkişaf tempi əvvəlki dövrlərlə müqayisədə kəskin sürətlənib.
Ekspert qeyd edib ki, əsas məqsədlərdən biri hərbi sahə üçün milli kadr potensialının formalaşdırılması olmalıdır. İstedadlı gənclərin hərbi sahəyə cəlb olunması üçün onların təminatı elə səviyyədə olmalıdır ki, həmin şəxslər digər sahələrə yönəlməyə məcbur qalmasınlar.
Emin Həsənli hərbçilərin əməkhaqlarının artırılması istiqamətində müzakirələrin aparıldığını da qeyd edib. O bildirib ki, Azərbaycan dövləti hər zaman hərbçilərin əməkhaqqının yüksək olması üçün müəyyən addımlar atır və bu istiqamətdə xeyli addımlar atılacaq.