Prezident İlham Əliyevin sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuraları katiblərinin toplantısında səsləndirdiyi fikirlər Azərbaycanın Türk dünyası ilə münasibətlərinin strateji xarakterini və TDT qarşısında müəyyən etdiyi hədəfləri bir daha ortaya qoydu. Çıxış yalnız təşkilatın gələcək inkişaf istiqamətlərinə dair mövqenin ifadəsi deyil, eyni zamanda dəyişən regional və qlobal reallıqlar fonunda Türk dövlətləri arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik əməkdaşlığının daha yüksək mərhələyə qaldırılması üçün mühüm mesajlar toplusu kimi diqqət çəkdi.

Bu çıxışın xüsusi əhəmiyyət daşımasının səbəblərindən biri də tədbirin keçirildiyi məkan və zamanın özüdür. Bir neçə gün əvvəl TDT-yə üzv dövlətlərin dini liderləri Bakıda bir araya gəlmişdi, indi isə təşkilata daxil olan ölkələrin Təhlükəsizlik Şuralarının katibləri paytaxtımızda toplantı keçirirlər. Qısa müddətdə müxtəlif strateji istiqamətləri əhatə edən belə yüksək səviyyəli tədbirlərin Bakıda təşkil olunması Azərbaycanın Türk Dövlətləri Təşkilatı daxilində etibarlı tərəfdaş olmaqla yanaşı, mühüm müzakirələrin aparıldığı əsas platformalardan birinə çevrildiyini göstərir.

TDT-nin beynəlxalq nüfuzunun artırılması cənab Prezidentin çıxışında əsas xətt TDT-nin beynəlxalq nüfuzunun daha da artırılması ilə bağlı idi. Azərbaycanın mövqeyinə görə, Türk Dövlətləri Təşkilatı üzv ölkələr arasında əməkdaşlığı koordinasiya edən regional format olmaqla kifayətlənməməli, beynəlxalq münasibətlər sistemində çəkisi və təsir imkanları artan aparıcı təşkilatlardan birinə çevrilməlidir. Bunun üçün isə siyasi iradə ilə yanaşı, üzv dövlətlər arasında praktiki əməkdaşlığın dərinləşdirilməsi, müntəzəm dialoqun genişləndirilməsi və ortaq gündəliyin formalaşdırılması vacibdir.

Prezident İlham Əliyevin “Dövlət başçılarının ildə yalnız bir dəfə görüşməsi kifayət hesab etmir” fikri də məhz bu yanaşmanın ifadəsidir. Azərbaycanın təşəbbüsü ilə TDT çərçivəsində qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanılması, ilk belə toplantının Şuşada təşkil olunması bu istiqamətdə atılan konkret addımlardan biridir. Bu yanaşma Türk dövlətləri arasında siyasi dialoqun yalnız protokol xarakterli zirvə görüşləri ilə məhdudlaşmaması, daha çevik və intensiv mexanizmlərlə davam etdirilməsi məqsədini ortaya qoyur.

Çıxışın mühüm istiqamətlərindən biri enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı mesajlardır. Dünyada enerji və logistika xəritəsinin sürətlə dəyişdiyi, yeni marşrutların və alternativ təchizat imkanlarının ön plana çıxdığı bir vaxtda Türk dövlətlərinin yerləşdiyi geniş coğrafiyanın strateji əhəmiyyəti daha da artır. Azərbaycan bu coğrafiyada Şərqlə Qərbi birləşdirən əsas bağlantı nöqtələrindən biri kimi çıxış edir. Mərkəzi Asiya ölkələrinin Xəzər üzərindən Azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxışı, nəqliyyat dəhlizlərinin inkişafı və enerji layihələrinin genişləndirilməsi TDT daxilində əməkdaşlığın praktiki və iqtisadi əsaslarını gücləndirir. Prezidentin mesajından aydın görünür ki, enerji və nəqliyyat məsələləri yalnız iqtisadi əməkdaşlıq çərçivəsində nəzərdən keçirilmir. Müasir geosiyasi reallıqlarda enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və ümumi təhlükəsizlik bir-birindən ayrılmaz anlayışlardır. Bu baxımdan Azərbaycanın irəli sürdüyü əməkdaşlıq modeli Türk dövlətlərinin həm regional, həm də beynəlxalq proseslərdə strateji çəkisini artırmaq potensialına malikdir.

Cənab Prezidentin çıxışında Türk dünyasının Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri olduğu bir daha vurğulandı. “Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur” fikri bu siyasətin mahiyyətini kifayət qədər aydın ifadə edir. Son illərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinin hüquqi bazasının formalaşdırılması, birgə investisiya fondlarının yaradılması və qarşılıqlı sərmayələrin artırılması siyasi həmrəyliyin iqtisadi tərəfdaşlıqla tamamlandığını göstərir.
Bu mənzərədə Azərbaycan yalnız TDT daxilində qərarların icraçısı kimi deyil, yeni təşəbbüslər irəli sürən ölkə kimi də çıxış edir. Bakı Türk dövlətləri arasında əlaqələrin institusional, iqtisadi və təhlükəsizlik mexanizmlərinin möhkəmləndirilməsində fəal rol oynayır. Azərbaycanın coğrafi mövqeyi, enerji imkanları, nəqliyyat infrastrukturu və regional siyasi çəkisi bu təşəbbüslərin praktik əhəmiyyətini artıran əsas amillərdəndir.

Prezident İlham Əliyevin çıxışında gənclər məsələsinə verilən xüsusi diqqət isə TDT-nin gələcəyi baxımından ayrıca əhəmiyyət daşıyır. Türk dövlətləri arasında əməkdaşlığın davamlı olması yalnız siyasi və iqtisadi mexanizmlərdən deyil, gələcək nəsillərin ortaq milli və mənəvi dəyərlər ətrafında formalaşmasından da asılıdır. Gənclərin vətənpərvərlik, milli özünüdərk və mənəvi dəyərlərə sadiqlik ruhunda yetişdirilməsi bu baxımdan strateji məsələdir. Azərbaycan təcrübəsi göstərir ki, gənclər dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün də davam etdirilir, gənclərin inkişafı, ictimai həyatda fəal iştirakı və dövlətçilik dəyərlərinə bağlılığı üçün imkanlar yaradılır. Prezidentin TDT səviyyəsində də bu məsələyə diqqət ayırması Türk dövlətlərinin gənclər siyasətində qarşılıqlı təcrübə mübadiləsinin və birgə platformaların genişləndirilməsinin vacibliyini göstərir.

Çıxışın digər mühüm tərəfi təhlükəsizlik məsələlərinə yanaşmadır. Azərbaycanın yerləşdiyi regionda müharibələrin davam etdiyi, qarşıdurmaların coğrafiyasının genişləndiyi bir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi risklərlə məhdudlaşmır. Dövlətlərin sabitliyinə yönələn ideoloji, informasiya və sosial təsirlər də yeni çağırışlar yaradır. Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas məqamlardan biri də məhz budur: Türk dövlətləri həm fiziki, həm də ideoloji təhlükələrə qarşı daha koordinasiyalı fəaliyyət göstərməlidirlər.

Xüsusilə gənclərin hədəf seçilməsi, yad ideoloji təsirlərin yayılması, xaricdən maliyyələşən və milli maraqlara zidd fəaliyyət göstərən şəbəkələrin ictimai həmrəyliyə təsir imkanlarının qarşısının alınması məsələsi yeni təhlükəsizlik gündəliyinin tərkib hissəsidir. Bu baxımdan TDT çərçivəsində təhlükəsizlik qurumları arasında əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, gənclər və informasiya sahəsində də birgə mexanizmlərin yaradılması ön plana çıxır.

Prezidentin çıxışının ümumi məzmunundan belə bir strateji xətt görünür: Türk dövlətləri dəyişən dünya nizamında yalnız tarixi və mədəni yaxınlıq əsasında deyil, konkret siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik maraqları üzərindən daha sıx əməkdaşlıq etməlidirlər. Azərbaycan isə bu prosesdə həm təşəbbüskar, həm platforma təqdim edən, həm də etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Göründüyü kimi, sentyabrın 17-də Bakıda səslənən mesajlar TDT-nin gələcək inkişafı üçün əsas prioritetlərin konturlarını da müəyyənləşdirir. Daha intensiv siyasi dialoq, güclü nəqliyyat və enerji bağlantıları, qarşılıqlı investisiyaların artırılması, ikitərəfli müttəfiqlik münasibətlərinin genişləndirilməsi, gənclər siyasətində koordinasiya və yeni təhlükəsizlik çağırışlarına birgə cavab mexanizmlərinin formalaşdırılması bu gündəliyin əsas istiqamətləridir.

Nəticə olaraq qeyd edək ki, cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Türk dünyası siyasətinin ardıcıl və strateji xarakter daşıdığını, TDT-nin isə Azərbaycanın xarici siyasətində xüsusi yer tutan əsas platformalardan birinə çevrildiyini bir daha nümayiş etdirdi. Bakıda keçirilən yüksək səviyyəli tədbirlər və səsləndirilən mesajlar eyni zamanda Azərbaycanın Türk dövlətləri arasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsində fəal rolunu ortaya qoyur. Dünyada geosiyasi qarşıdurmaların və qeyri-müəyyənliyin artdığı bir mərhələdə bu əməkdaşlıq formatının daha sistemli və institusional xarakter alması Azərbaycanın çıxışında xüsusi strateji xətt kimi təqdim edildi.